Aerobika gimnastikası

Bu növü xarakterizə edən musiqi ritminin müşayiəti ilə ardıcıl hərəkətlər silsiləsinin sinxron şəkildə icra olunduğu qeyri-olimpiya idman növüdür. Yarışlarda gimnastlar 7 proqram üzrə mübarizə aparırlar: kişilərin və qadınların fərdi çıxışları, qarışıq cütlüklər (1 qadın və 1 kişi), üçlüklər, qrup (5 nəfər), aerodans (8 nəfər), aerostep (8 nəfər). Üçlüklər, qrup, aerodans və aerostep tərkibinə yalnız kişilər, yalnız qadınlar və ya qarışıq şəkildə həm kişi, həm də qadınlar daxil ola bilər.

Gimnastika yüksək səviyyəli yarışların keçirildiyi idman növü olmaqla yanaşı, bütün idman növlərinin əsasını təşkil edir. “Gimnastika hamı üçün” ilə yaşından, görünüşündən və fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxs məşğul ola bilər. Əslində gimnastika hamı üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümüdür.

“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Qeyri-olimpiya növü olan “TeamGym”-ə 3 alət üzərində çıxışlar daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut). Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi, çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl texnika tələb edir. “TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (həm qadın, həm də kişilərdən ibarət komandalar).