Kişi İdman Gimnastikası

Kişi İdman Gimnastikası
Kişi idman gimnastikası 6 alət üzərində (xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik) hərəkətlərin icra olunduğu bir idman növüdür. Gimnastlar irimiqyaslı yarışlarda, o cümlədən Olimpiya Oyunlarında fərdi çoxnövçülük, ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələrini sınayırlar.

Güc, elastiklik, tutma çevikliyi, akrobatik elementlər və alətin bir tərəfindən digər tərəfinə keçmə bacarığı dəfedilməz, başdöndürən çıxış nümayiş etdirməyə imkan yaradır. Bütün yarışlarda gimnastların yerinə yetirdikləri hərəkətlər dinamika, idmançının alətdən aralanması, sıçrayış hündürlüyü və məsafə meyarları nəzərə alınmaqla, çətinlik və icra üzrə qiymətləndirilir. Digər gimnastika növləri ilə müqayisədə kişi idman gimnastikası ən çox medal dəstlərinin oynanıldığı bir yarış növüdür.

Kişi idman gimnastikasının gözəlliyi qədim zamanlardan gələn cəsarət və texnikanı saxlamaqla, müasir dövrə uyğunlaşması və daim inkişaf etməsindədir.

Alətlər

Digər gimnastika növləri ilə müqayisədə, ən çox alətlərdən istifadə olunan növ kişi idman gimnastikasıdır - xalçada sərbəst hərəkətlər, dəstəli at, halqalar, dayaqlı tullanma, paralel qollar, turnik. Bir qayda olaraq hər bir məşhur idman gimnastının özünü tam sərbəst hiss etdiyi və bütün dünyada çıxışları ilə yadda qaldığı sevimli aləti və ya alətləri vardır.