Parkur

Parkur

Parkur

Parkur bir məşğuliyyət kimi küçələrdə meydana gəlib. Bu idman bir başlıca prinsipə - hərəkətlərin effektivliyi və axıcı olmasına əsaslanaraq bir nöqtədən digərinə çatma sənətidir. İlk olaraq Parkur məşq üsulu kimi inkişaf etmişdir, lakin vaxt keçdikcə müxtəlif idman yarışlarında, kinofilmlərdə öz əksini taparaq daha çox izləyici kütləsi qazanmışdır.

Beynəlxalq Gimnastika Federasiyasına (FIG) aid Parkur yarışlarında şəhər yerində olan maneələri əks etdirmək üçün Parkur sahəsində müxtəlif divar və tirlər quraşdırılır. Bu maneələri dəf etmək üçün idmançılar pişik tullanışı, hoppanaraq əllərlə tutma, enərək hoppanma və divar üzərində yürümə kimi bir çox texniki üsullardan istifadə edirlər.



Parkur idman növündə iki kateqoriya mövcuddur: “sürət” və  “sərbəst üslub”. Sürətin əsas olduğu yarışlarda idmançılar finiş xəttinə ən qısa zamanda çatmaq üçün mümkün qədər tez maneələri dəf etməlidirlər. Sərbəst üslubda olan yarışlarda idmançıların texniki icrası qiymətləndirildiyindən onlar maneələri yaradıcı yanaşma və öz tərzlərini nümayiş etdirmək üçün istifadə etməlidirlər.
 
Parkurun fəlsəfəsi dayanmadan daim hərəkətdə olmaqdan ibarətdir. Bu idmanla məşğul olanlar qarşılarında maneə gördükdə davam etmək və irəliyə getmək üçün strategiya yaratmaq bacarığına malik olmalıdırlar.


Parkur dünyada

Parkur 1990-cı ildə Paris şəhəri ətraflarında meydana gəlib. Parkur anlayışını ilk olaraq David Bell Parisdə yanğınsöndürən olmuş atasının əsasını qoyduğu hərəkət etmə sənətinin başlıca prinsiplərinə əsaslanaraq təqdim etmişdir.
 
Yeniyetmə çağlarında Yamakasi qrupundan olan Bell və onun dostları pilləkən, çəpər, divar və digər maneələrdən tullanmaq və ya onlara dırmaşmağı təcrübədən keçirmişlər. Onlar üçün parkur şəhər küçələri və meşə kimi təbii ətraf mühitdə hər növ maneələri dəf etmək üçün məşq üsulu idi. 

Bu cür hərəkət etmə tərzi bu idman növünün əsasını qoyan şəxslərdən biri - Şarl Peryerin çəkildiyi və ssenarisinin yazılmasında da iştirak etdiyi “Yamakasi” və David Bellin çəkildiyi “B13” kimi filmlərin film sənayesinə daxil olması ilə daha da populyarlaşdı.



Bu filmlər bir çox ölkələrdə müxtəlif idman yarışlarının keçirilməsinə və bütün dünyada bu növ üzrə yeni nəsil idmançılarının yetişməsinə səbəb oldu. 

Yarışların keçirilməsi Parkur idman növünün banilərinin o qədər də ürəklərincə olmasa da, bu növün bütün dünyada daha da populyarlaşması üçün yaxşı bir vasitə olduğunu düşünürdülər. 

Daha sonra FIG ilə əlaqə qurulmuş və FIG-yə üzv olan bir neçə Federasiyaların artıq Parkuru inkişaf etdirdiyindən bu  əməkdaşlıq uğurlu olmuşdur.