“TeamGym” Avropa Gimnastikasına aid komanda yarışı
növüdür. Qeyri-olimpiya növü olan “TeamGym”-ə 3 alət üzərində çıxışlar
daxildir: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
Hər bir alət üzərində çıxışlar səmərəli komanda işi,
çətin akrobatika və gimnastika elementlərinin icra olunması üçün mükəmməl
texnika tələb edir.
Komanda 8-10 gimnastdan ibarət olur. Onlardan
hər biri xalça üzərində çıxışlar nümayiş etdirməlidir. Akrobatika cığırı və
trampet üzərində hər bir mərhələdə 6 gimnast iştirak edir. Qarışıq komandalar
isə yarısı kişi, yarısı qadınlardan ibarət olur.
Bu növ yarışları izləmək əyləncəli və
həyəcanverici olduğundan, onlara tamaşaçı, mətbuat nümayəndələri və sponsorlar
tərəfindən maraq göstərilir. “TeamGym” yarışları
özünəməxsus gözəl abu-hava ilə fərqlənir.
“TeamGym” ən gənc gimnastika növüdür. Bu növ üzrə ilk yarış “EuroTeam” adlanmış və 1996-cı ildə Finlandiyada keçirilmişdir. “TeamGym” üzrə ilk rəsmi Avropa Çempionatı 2010-cu ildə İsveçdə baş tutmuşdur. Burada böyük gimnastlarla yanaşı, gənc gimnastlardan ibarət komandalar da mübarizə aparmışlar.
İki ildən bir keçirilən Avropa Çempionatından başqa,
qitədə “TeamGym” üzrə qaydalar və yarışlar haqda maarifləndirilmə məqsədilə
Avropa Gimnastikası ən yaxşı mütəxəssislərin iştirakı ilə məşqçilik və hakimlik
kursları, müxtəlif mövzulu seminarlar təşkil edir.
Avropa Gimnastikasına aid bütün növləri inkişaf etdirən
Azərbaycan Gimnastika Federasiyası (AGF), 2018-ci ilin əvvəlində “TeamGym”
növünü öz fəaliyyətinə daxil etməyə qərar verdi.
Artıq 2018-ci ilin oktyabr ayında yığma
komandamız ilk dəfə “TeamGym” üzrə Avropa Çempionatına qatılmış (Odivelaş,
Portuqaliya) və gənclər yaş kateqoriyasında mübarizə aparmışdır.