31 oktyabr – 2 noyabr 2025-ci il tarixlərində Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun təşkilatçılığı ilə bədii gimnastika üzrə 4-cü beynəlxalq “Ocaq Cup” yarışı baş tutdu.
Yarışda 13 ölkədən 35 klubun təmsil olunduğu, ümumilikdə 339 gimnastın iştirakı ilə gərgin və rəngarəng mübarizə aparıldı. Fərdi və qrup çıxışlarında gimnastlar müxtəlif yaş kateqoriyalarında zəriflik, çeviklik və ustalıq nümayiş etdirərək arenada əsl bədii gimnastika bayramı yaratdılar.
Çıxışlar beynəlxalq hakim heyəti tərəfindən qiymətləndirildi, nəticələrə əsasən qaliblər müxtəlif nominasiyalar üzrə medal, diplom və xüsusi hədiyyələrlə mükafatlandırıldılar. Yarış günləri ərzində arenada həm idman, həm də dostluq ruhu hökm sürdü, iştirakçılar arasında qarşılıqlı dəstək və motivasiya xüsusi diqqət çəkdi.
Yarışın yüksək səviyyədə təşkili, iştirakçıların təhlükəsizliyi və komfortu, eləcə də Milli Gimnastika Arenasında yaradılan mükəmməl şərait yerli və xarici qonaqlar tərəfindən yüksək qiymətləndirildi.
Artıq ənənə halını alan “Ocaq Cup” turniri bədii gimnastika sahəsində istedadlı idmançıların öz bacarıqlarını nümayiş etdirdiyi və beynəlxalq təcrübə qazandığı mühüm platforma kimi tanınır.
“Ocaq Sport” klubu yarışda iştirak edən bütün gimnastlara, məşqçilərə, hakimlərə və qonaqlara təşəkkürünü bildirir və növbəti illərdə daha möhtəşəm yarışlarda görüşməyi arzulayır.